Milli Mətbuatın 135 illiyi (1875 – 2010)ilə əlaqədar 2010-cu ildə Mərkəzi Bank tərəfindən gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır.
Yubiley pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal edilmişdir.
Əkinçi — Azərbaycan dilində ilk milli qəzetin ilk sayı 1875-ci ilin 22 iyul tarixində çap olunmuşdur. Qəzetin baş redaktoru tanınmış ziyalı, görkəmli alim və publisist Həsən bəy Zərdabi olmuşdur.
İlk mətbuat orqanımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü gün – iyul ayının 22-si respublikamızda “Mətbuat Günü” kimi qeyd edilir.
Yubiley pul nişanının üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmişdir.
Portretin ətrafında görkəmli publisistin adı və həyat dövrü, xəritənin ətrafında “2010”-cu il, “Azərbaycan Respublikası” sözləri və yubiley pul nişanının nominalı göstərilmişdir.
Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Buraxılış ili | 2010 |
Nominalı | 5 manat |
Metalı | Ag 999 |
Çəkisi | 1 unsiya (31.1 qr) |
Diametri | 37 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 1000 ədəd |